16.12.2016

İstedadlı şagirdlərlə aparılan iş və fənn olimpiadalarının nəticələrinin müzakirəsi

       Qusar Rayon Təhsil Şöbəsində rayonun  ümumtəhsil  məktəblərində  istedadlı  şagirdlərlə  aparılan  iş,  fənn olimpiadaların  nəticələri, şagirdlərin olimpiadaların rayon turlarında iştirakı vəziyyəti müzakirə edilmişdir. Məsələ ilə bağlı Qusar RTŞ-nin Metod mərkəzinin metodisti Əmrulla Eldarov məlumat vermişdir.

         Qeyd olunmuşdur ki, istedadlı  uşaqlarla  iş aparmaq  Azərbaycanda  təhsil  siyasətinin  mühüm  bir  istiqamətini  təşkil  edir. Ölkəmizdə istedadlarla  işin  təşkili,  şagirdlərin  məntiqini, nitq  mədəniyyətini inkişaf  etdirmək, onların  yaradıcı  təfəkkürlərini  formalaşdırmaq prioritet  istiqamətlər  kimi daim diqqət  mərkəzində  saxlanılır.         İstedadlarla iş  daha  geniş  miqyasda anlaşıldığından  onun reallaşmasını  ölkənin  hər bir  yerində, hər bir təhsil  müəssisəsində, hətta  hər  bir  sinifdə  izlənilməsi  vacib  hesab  edilməlidir. Ümumtəhsil  məktəblərində  istedadlarla  aparılan  işə  dair  müzakirə  açılarkən  ilk  növbədə, məktəbin bu sahədə  konkret  fəaliyyət  istiqamətləri müəyyənləşdirilməli, istedadların müəyyən  olunması  üçün  şəraitə  uyğun  vasitə  və üsullar seçilməli, eyni zamanda  istedadların inkişaf  etdirilməsi  ilə bağlı strateqiyalar hazırlamaq ətrafında fikir  mübadiləsi  aparılmalıdır.

        Qusar Rayon  Təhsil  Şöbəsi  Azərbaycan Respublikasının Prezidentinin, Təhsil  Nazirliyinin  istedadlı  uşaq və gənclərlə  aparılan  işlərin  daha da yaxşılaşdırılmasına dair müvafiq sərəncam və əmrlərini əsas tutaraq son illərdə bu istiqamətdə aparılan işləri özünün əsas vəzifələrindən  biri hesab etmiş, bu sahədə fəaliyyəti xeyli canlandırmışdır.

          Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq  edilmiş “ Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən rayonumuzda da humanitar, riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə istedadlı uşaqları müəyyənləşdirmək, onlarla aparılan işi daha səmərəli qurmaq üçün fəaliyyət istiqamətləri müəyyən edilərək Təhsil Şöbəsinin Tədbirlər Planı təsdiq olunmuş, .  Həmin plan ilə rayonun bütün ümumtəhsil müəssisələrin kollektivləri tanış edilərək onlara müvafiq tapşırıqlar verilmişdir.

        Son illər rayonumuzda istedadlı uşaqlarla aparılan işin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticəsini vermişdir. 2015/2016 dərs ilində istedadlı şagirdlərlə görülən fərdi işin təkmilləşdirilməsi, “ Kiçik akademiya”ların fəaliyyətinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər sayəsində məktəblərin təlim göstəriciləri, şagirdlərin nailiyyətləri ötən illərlə müqayisədə yüksək olmuşdur. Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmiş Z.Muruq kənd tam orta məktəbinin X sinif şagirdləri Azadov Mustafa fizika, Ağamuradov Salik riyaziyyat fənni üzrə III yeri tutmuşdur. Təhsil Nazirinin 28 avqust 2015-ci il tarixli, 912 nömrəli əmri ilə təsdiq olunmuş “Məktəblilərin fənn müsabiqələrinin keçirilməsi qaydaları”na uyğun olaraq 2016-cı ilin fevralında Bakı şəhərində keçirilmiş olimpiadanın final mərhələsində iştirak etmiş iki nəfər şagirdimiz ( Ramazanov Fariz – 6 saylı məktəb, Abusəmədov Rəvan – 2 saylı məktəb) riyaziyyat və kimya fənləri üzrə Beynəlxalq Olimpiadalara hazırlıq qruplarına seçilmişdir. Ümummilli Lider H.Əliyev  anadan olmasının 93-cü ildönümü ilə əlaqədar keçirilən “ Ən yaxşı təqdimat” müsabiqəsinin respublika  mərhələsində iştirak  etmiş şəhər 1 saylı tam orta məktəbinin XI sinif şagirdi Salman Murad həvəsləndirici  yer tutmuş  və Təhsil  Nazirliyinin  ərifnaməsinə  layiq görülmüşdür. 30  aprel  2016-cı il tarixində keçirilən “ Ədəbiyyat biliciləri“ müsabiqəsinin Respublika  mərhələsində  şəhər  1 saylı tam orta məktəbinin XI sinif şagirdi Xankişiyeva Aysel III yeri tutmuş və diplomla mükafatlandırılmışdır.

           Hazırda rayonumuzun şəhər 1,2,3,6 saylı, Y/Zeyxur, Piral və Balaqusar kənd tam orta məktəblərində yaradılmış  “Kiçik akademiyalar”ın işinin  yaxşı təşkili nəticəsində həmin məktəblərin şagirdləri müxtəlif səviyyəli  olimpiada, yarış və müsabiqələrdə fərqlənirlər. Bunu nəzərə alaraq növbəti tədris illərində də həmin akademiyaların şəbəkəsinin genişləndirilməsini, istedadlı şagirdlərlə işin daha səmərəli qaydada təşkili üçün tədbirlər görülmüşdür.

          Cari tədris ilində qazanılmış uğurları daha da inkişaf etdirmək,olimpiadaların rayon turunu daha yüksək səviyyədə keçirmək məqsədilə Təhsil Şöbəsinin müvafiq əmri verilmişdir. Həmin əmrlə 2016/2017-ci tədris ilində Qusar rayonunun ümumtəhsil məktəblərinin IX-X-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə olimpiadaların şəffaf, obyektiv, tələb olunan səviyyədə keşirilməsini təmin etmək məqsədilə 9 nəfərdən ibarət təşkilat komitəsi və mübahisəli məsələlərin obyektiv həlli üçün apelyasiya komissiyası yaradılmışdır.

       Müzakirələrdə bu sahədə mövcud nöqsanlarla bağlı da fikir mübadiləsi aparılmış, bəzi məktəblərdə olimpiadaların keçirilməsinə məsuliyyətlə yanaşılmadığı, həmin müəssisələrdən olimpiadaların rayon turlarında iştirak edən şagirdlərin, bir qayda olaraq, zəif nəticələr göstərdiyi qeyd edilmişdir.

                        

                        


Açar sözlər: