27.12.2016

Şəhidlər unudulmur.

    

14 dekabr 2016-cı il tarixində rayonun Yasab kənd tam orta məktəbində Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Sərhəd Pirsüməli oğlu Zöhrəbəyovun xatirəsini yad etmək üçün valideyn, müəllim vəşagirdlərin iştirakı ilə geniş  tədbir keçirilmişdir. Şagirdlərə vətənpərvərlik tərbiyəsinin aşılanması, onlarda Vətənə məhəbbət, azərbaycançılıq hisslərinin daha da gücləndirilməsi məqsədini daşıyan  tədbirdə «Azətbaycan Bayrağı» ordenli həmyerlisinin keçdiyi şərəfli həyat yolu bir daha xatırlandı.     

         Sərhəd Pirsüməli oğlu Zöhrəbəyov 1956-cı ilin dekabrın 14-də Qusar rayonunun Yasab kəndində fəhlə ailəsində anadan olmuşdur. Balaca Sərhəd hələ uşaq ikən fiziki cəhətcə güclü, dözümlü və çevikliyi ilə yaşıdlarından seçilirdi. İlk təhsilini doğma Yasab kənd orta məktəbində alan Sərhəd  dərslərini əla qimətlərlə oxumaqla yanaşı idmana da böyük həvəs göstərirdi. 1978-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakultəsini  müvəffəqiyyətlə bitirən S. P. Zöhrəbəyov təyinatla Bərdə rayonuna göndərilir. Orada əvvəlcə baş aqronom, sonralar kolxoz sədri vəzifəsində çalışır. İşlədiyi Bərdə rayonunda da ailə həyatı qurur. Qarabağ uğrunda qızğın döyüşlər getdiyi dövrdə erməni qəsbkarlarının törətdikləri vəhşiliklərə dözməyərək 1992-ci ilin mart ayında könüllü surətdə Milli Ordu sıralarına qoşulur. Goranboy uğrunda gedən ağır döyüşlərdə mərdliklə vuruşaraq hərbi xidmətin ilk günlərindən döyüş yoldaşlarının dərin hörmətini qazanan S. Zöhrəbəyov  tezliklə kapitan rütbəsinə layıq görülür və sonradan  batalyon üzrə qərargah rəisi təyin olunur. Amma qərargahda oturub idarə işləri ilə məşğul olmağı özünə sığışdırmayaraq könüllü olaraq ön cəbhəyə yollanır. S. Zöhrəbəyovun döyüş yoldaşı olmuş müharibə veteranı, Qarabağ müharibəsi əlili Allahverdiyev Zöhrab Tofiq oğlu döyüş anlarını belə xatırlayır: «Səhər tezdən Sərhəd Zöhrəbəyov tərəfindən həyəcan signalı verildi. Biz bir nəfər kimi sıraya düzüldük. O, şəxsi heyəti Ağdərədən Drambon istiqamətində döyüşə apardı. Qərargah rəisi olmasına baxmayaraq özü hamıdan irəlidə gedirdi. Həmin əməliyyat 4 gün davam etdi. Biz 60 km-ə yaxin irəlilədik və Ortakənd, Kasapet, Dəmirlər, Mehmanə və Turbaza kəndlərinin erməni işğalından azad olunmasında iştirak etdik. Drambona az qalmış düşmənin güclü müqaviməti ilə rastlaşdıq. Düşmən 20 nəfərə yaxın canlı qüvvə və çoxlu döyüş texnikası itirdi. Səhəri gün S. Zöhrəbəyovun əmri ilə Drambona hücuma keçdik».

         1992-ci ilin avgustun 24-də Drambonun düşməndən azad olunması uğrunda gedən döyüş Sərhədin son döyüşü oldu. Güclü top atəşindən sonra ermənilər xeyli sayda zirehli texnikanın köməyi ilə hücuma keçdilər. Qeyri-bərabər döyüşdə ermənilərin xeyli canlı qüvvəsi, 2 tankı, 3 PDM-i məhv edildi. Şəxsən Sərhəd 8 erməni əskərini məhv etmiş, yoldaşlarını mühasirədən çıxartmışdı. Axşama yaxın səngərdə patlayan mərmi qəlpəsi S. Zöhrəbəyovun həyatına son qoydu. İgid kapitanın son sözü “Vətən” oldu. Vətən uğrunda

al qanını torpağa axıtdı, şəhid kimi ölməzlik qazandı.

S. Zöhrəbəyov 1992-ci il avgustun 26-da Qusar rayonunun Yasab kəndində dəfn edilmişdir. Onun fədakarlığı ölümündən sonra ulu öndər Heydər Əliyevin fərmanı ilə Vətənin ən yüksək mükafatı «Azətbaycan Bayrağı» ordeninə layiq görülmüşdür. Sərhəd Zöhrəbəyovun həyat yolu və döyüşlərdə göstərdiyi qəhrəmanlıqları el şairi Sərraf Şiruyənin yazdığı «Ölümündən sonrakı ömür» kitabında daha geniş əks olunmuşdur. O da qeyd olunmalıdır ki, Sərhəd Zöhrəbəyovun ulu babası Pirsümalı Zöhrəbəyov da 1918-ci ildə Mirzəbəy Həmzə oğlu İlyasovun başçılığı ilə «Qanlı Dərə» adlanan ərazidə ermənilərə qarşı aparılan qanlı döyüşlərdə həlak olmuşdur.

         Tədbirin sonunda kənd sakinləri, müəllim və şagirdlər şəhidin qəbrini ziyarət etmişdir. Şəhidin xatirəsinin anılması Qusar Rayon Tarix Diyarşünaslıq Muzeyində daha geniş tərkibdə davam etdirilmişdir.

      «Azərbaycan Bayrağı» ordenli şəhid Sərhəd Zöhrəbəyovun təhsil aldığı Yasab kənd tam orta məktəbində onun adını əbədiləşdirmək üçün ayrıca guşə yaradılmışdir. Şagirdlərdə vətənpərvərlik tərbiyəsinin aşılanmasında S. Zöhrəbəyovun həyat yolu gənclər üçün bir örnəkdir.

 

Yasab kənd tam orta məktəbinin direktoru:  Məmmədbəyov Süleyman Nadir oğlu.

 


Açar sözlər: