06.01.2017

Yaradıcı müəllimlərimiz.

Rayonun qabaqcıl müəllimlərindən  söz düşəndə Azərbaycan Respublikası Xalq Təhsili əlaçısı, Avaran kənd tam orta məktəbinin direktoru  Nurulla Davıdovun adı təhsil işçiləri arasında fəxrlə çəkilir. Qusar rayonunun Xuluq kəndində müəllim ailəsində dünyaya göz açan N. Davıdov 1974-cü ildə APU-nun riyyaziyat fakultəsini bitirəndən sonra müxtəlif təhsil ocaqlarında ixtisası üzrə müəllim, Qusar RTŞ-də filmoteka müdüri, TŞ-də metodist,  aparıcı məsləhətçi vəzifələrində işləmişdir.  2009-cu ildən indiyədək Qusar rayonunun Avaran kənd tam orta məktəbində direktor vəzifəsində çalışır. Direktor olduğu Avaran kənd tam orta məktəbində şagirdlərin vətənpərvərlik tərbiyəsi və onların əsil Azərbaycan vətəndaşı kimi yetişdirilməsi istiqamətində bütün kollektivi səfərbər etməyi bacaran Nurulla müəllim kəndin ictimai işlərində də fəal iştirak edir. Məktəbdə onun rəhbərliyi ilə şagirdlər tərəfindən yaradılan “Dünyanı heyran qoyan insan”-Ulu öndər H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş stend, görkəmli alim Zərifə Əliyevanın anadan olmasının 93 illiyinə həsr olumuş şagirdlərin əl işlərindən ibarət geniş sərgi, Azərbaycan Respublikasının prezidenti İ.Əliyevə həsr olunmuş stend, şagirdlərin yaradıcılıq işlərindən ibarət ”Toxuma işləri göz oxşayır”- adlı sərgi-stend hər kəsi heyran edir.

Rayon ictimaiyyəti N. Davıdovu, həm də, bacarıqlı rəssam kimi tanıyır. Yaradıcılığından danışarkən o həmişə bu fikri xatırlamağı xoşlayır: “Ataların misalı var: “Çox gəzən-çox bilər”. Həqiqətən də, müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlarla, kollektivlərlə ünsüyyətdə olmağım , onlarda olan yaxşı keyfiyyətləri əxz etməyim, doğma təbiətə, zəhmətsevər insanlara bağlılığım yaradıcılığıma cox böyük təsir göstərmişdir. İşlədiyim illərdə təkcə qapalı ixtisas sahibi (riyaziyyat müəllimi) olmaqla kifayətlənməmişəm. Həyatın müxtəlif sahələrinə maraq göstərmiş, ayrı-ayrı sənət sahələrində öz ”gücümü” sınayıb lazımı nəticələr əldə etməyə çalışmışam. Müxtəlif mətbu orqanlarında ştatdan kənar müxbir kimi 150-yə yaxın karikatura, rəsm və foto əsərim, müxtəlif yazı və məqalələrim çap olunub, “İbtidai riyaziyyata dair yaddaş kitabçası“ və “İbtidai siniflər üçün əyləncəli riyaziyyat” kitablarının müəllifiyəm”.

            Son illər yaradıcılığını taxta üzərində yandırma üsulu ilə tablolar çəkməyə həsr edən N. Davıdov xalqımızın qədim adət-ənənələri, təbiət gözəllikləri, insanların əmək fəaliyyətini tərənnüm edən 100-ə yaxın əsər yaratmışdır. Onun yaradıcılığı barədə “Xəyal TV”, “RTV” və “Xəzər TV” kanallarında “Sənətkar”, “Yaradıcı insanlar” rubrikasında verilişlər hazırlanmış “Qusar” rayon və “Azərbaycan müəllimi” gəzetlərində yazılar dərc olunmuşdur.    Dəfələrlə Rayon Yaradıcılıq Evində, Rayon Mərkəzi Parkında, Rayon Rəsm Galereyasında , Rayon Mədəniyyət Evində rəsm və əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur. 2016-cı ilin aprel ayında “Regionlardan-Paytaxta“ devizi altında Bakı “Gənc Tamaşıçılar Teatrı”nda keçirilən Qusar günləri festivalında onun taxta üzərində çəkdiyi 20-dən çox rəsmi paytaxt tamaşaçılarının ixtiyarına verilmişdir.