07.03.2017

Milli-mənəvi dəyərlərimizi qoruyub saxlayaq.

    Rayonun ümumtəhsil məktəblərində milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması sahəsində daim məqsədyönlü iş aparılır. Azərbaycan xalqı azad və suverən dövlət quraraq mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik ölkələrin mütərəqqi təcrübəsindən istifadə edir.

                  Martın 3-də Qusar şəhər 3 saylı tam orta məktəbində müəllim, şagird və valideynlərin iştirakı ilə  bu mövzuda geniş tərkibdə maarifləndirmə tədbiri keçirilmişdir. Görüşdə Qusar Rayon İcra Hakimiyyərinin əməkdaşı T. Kazımov,  Rayon Təhsil Şöbəsinin müdiri N. Fərzəliyev iştirak etmişdir.

             Çıxış edənlər mənəviyyatımıza, dini dəyərlərimizə, mədəniyyətimizə  və dövlətçiliyimizə qarşı yönəlmiş dini radikalizmin artıq bu gün real təhlükə olaraq qəbul edilməsinin vacib olduğunu bildirmiş, üzdəniraq din dəllallarının və bu qəbildən olan digər radikal islamçıların dövlətimizin humanist xarakterindən sui-istifadə edərək öz çirkin niyyətlərini həyata keçirməyə çalışdığını, əsasən də yeniyetmələr və gənclər arasında öz ideyalarını yaymağa çalışan bu adamların qanunsuz olaraq dini ədəbiyyatı təbliğ etdiyini , əhalinin bu sahədə maarifləndirilməsinin vacib olduğunu qeyd etmişdir. Görüşdəki çıxışlarda xüsusi vurğulanmışdır ki, hər bir gənc  həyatını qurarkən cəmiyyətdə, vətənində öz üzərinə düşən vəzifəsini yerinə yetirməyə çalışmalı, torpağı, dilini, dinini, milli-ənənələrimizi qorumağa çalışmalıdır. Müəllim və valideynlərə tövsiyə olunmuşdur ki, bu məsələyə həssas yanaşsınlar, şagirdlərin tolerantlıq, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə önəm versinlər.


Açar sözlər: