28.02.2018

Soyqırım qurbanlarının xatirəsi yad edilib

Qusar rayonunun ümumtəhsil müəssisələrində Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin xatirəsi yad edilib. Bütün tədbirlərdə  bu tarixi hadisə insanlığa qarşı ən qatı cinayətlərdən biri, Azərbaycan xalqına qarşı soyqırım olaraq qiymətləndirilib. 

Şəhər 2 saylı tam orta məktəbində “Tarixin qan yaddaşı” mövzusunda keçirilən tədbirdə məktəbin tarix müəllimi İradə Nəcəfova Xocalı soyqırımı haqqında həqiqətləri iştirakçıların nəzərinə çatdıraraq soyqırım səbəbkarlarının hələ də cəzasız qaldığını qeyd edib.

Rayonun Aşağı Ləyər kənd tam orta məktəbində keçirilən anım tədbirində ölkə rəhbərliyinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törədilən soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyəti xüsusi vurğulanıb.


Açar sözlər: ,