30.04.2018

Pedaqoji əməkdaşlıq əlaqələri

 “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 yanvar 2018-ci il tarixli, 21 nömrəli əmrinə uyğun olaraq Qusar və Quba rayon Təhsil Şöbələrinin pedaqoji əməkdaşlığına dair tərtib edilmiş “Fəaliyyət planı”na uyğun olaraq Quba rayonunun Qaraçay kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin nümayəndələri 20 aprel 2018-ci il tarixində Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta məktəbinin qonağı olub.

 Məktəblər arasında təcrübə mübadiləsinin təşkili, qabaqcıl pedaqoji təcrübə nümunələrinin öyrənilməsi, pedaqoji yeniliklərin və problemlərin, habelə ümumtəhsil məktəblərinin fəaliyyətinə rəhbərlik və nəzarətin təşkili sahəsində qazanılmış təcrübənin birgə müzakirəsi və müvafiq təkliflərin hazırlanmasına xidmət edən tədbiri açan Yuxarı Zeyxur kənd tam orta məktəbinin direktoru Hikmət Ağacanov qonaqlara məktəbin fəaliyyəti barəsində məlumat verib.

 O, qeyd edib ki, 3 mərtəbəli yeni bina Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə təhvil verilib. Məktəbdə 20 sinif otağı, geniş idman zalı, emalatxanalar, komputer sinifi , kitabxana və oxu zalı, laboratoriyalar, açıq futbol meydançası, tennis kortu, voleybol və basketbol meydançaları vardır. Hər il məktəbin məzunlarının 70-80 faizi nüfuzlu ali məktəblərin tələbələri olur. Bu vaxta qədər 14 nəfər məzun qəbul imtahanlarında 500 baldan, onlardan da 3 nəfəri 600 baldan yuxarı nəticə göstərib. 2017-ci tədris ilində ali məktəblərə sənəd vermiş 30 nəfərdən 17 nəfəri tələbə adını qazanıb. Bundan başqa buraxılış imtahanlarında şagirdlərin  ana dilindən və riyaziyyat fənlərindən orta balı respublika üzrə ən yüksək nəticədən yuxarı olub. Bu səbəbdən Yuxarı Zeyxur kənd tam orta məktəbi DİM-in buraxılış və qəbul imtahanlarındakı nəticələrin statistik təhlillərinə görə respublikamızın ən yaxşı məktəbləri siyahısına daxil edilib. Məktəbin “Zeyxur” komandası hər il keçirilən Sərhəd hərbi-idman oyunlarında fəal iştirak edir. Belə ki, məktəbin komandası 2014-cü ildə Sərhəd hərbi idman oyunlarının respublika final turunda 2-ci, 2015-ci ildə isə 3-cü yer tutub  və Təhsil Nazirliyinin , Gənclər və İdman Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin diplomları, Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. Təhsildəki uğurlara görə Yuxarı Zeyxur kənd tam orta məktəbi Azərbaycan Respublikasının prezidenti cənab İ. Əliyevin 28 iyun 2011-ci il tarixli Sərəncamı ilə “İlin  ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub və 10000 manat pul mükafatına layiq görülüb

Sonra tədbir iştirakçıları digər aktual məsələləri: icbari təhsil, təhsilin keyfiyyəti və təlim nailiyyətlərinin yaxşılaşdırılması, istedadlı uşaqlarla iş və sair sahələr üzrə fikir mübadiləsi aparıb.


Açar sözlər: ,