05.07.2018

İlin yekunlarına həsr olunmuş müşavirə

Qusar Rayon Təhsil Şöbəsində 2017/2018-ci tədris ilinin yekunları, buraxılış imtahanlarının nəticələri və məktəblərin yeni dərs ilinə hazırlığı vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə qeyd olunub ki, təhsil şəbəkəsinin hüquqi, normativ, təlimati-metodik bazanın yeniləşməsi, kadrların işə qəbulunda yeni qaydaların tətbiqi, təhsilin idarə olunmasının məlumatlar sisteminin təkmilləşdirilməsi və digər yeniliklər təhsil sektorunun inkişafına yönəlmiş islahatların səmərəliliyinə olan inamı daha da artırıb. Xüsusilə, kadrların işə qəbulunda tətbiq olunan yeni mexanizm və bu zaman obyektivlik və aşkarlığın tam təmin olunması həm təhsil işçiləri, həm də geniş ictimaiyyət tərəfindən  razılıqla qarşılanıb.

Buraxılış imtahanlarına hazırlıq və keçirilməsi ilə bağlı TŞ-nin aparıcı məsləhətçisi, ÜTİS üzrə əlaqələndirici R. Bünyadov məlumat verib. O bildirib ki, 2017/2018-ci tədris ilinin əvvəlində IX siniflərdə təhsilə cəlb edilmiş 1049 nəfər şagirddən 3 nəfəri, XI siniflərdə təhsilə cəlb edilmiş 974 nəfər şagirddən 5 nəfəri müxtəlif səbəblərə görə imtahanlara buraxılmayıb, icbari  təhsilin  yerinə   yetirilməsi    təhsil qanununa və  mövcud    təlimatlara uyğun həyata  keçirilib,  dərs   ili  ərzində  şagird  kontingentinin  sabit saxlanılması nəzarətə götürülüb, şagird hərəkətinin mövcud “Qaydalara” uyğun   aparılmasına ciddi   riayət    edilib. O əlavə edib ki, iyun ayının 3-də DİM tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşmiş buraxılış imtahanları keçirilib və imtahanlar uğurla başa çatıb.

Müşavirədə 2018/2019-cu dərs ilində məktəblərdə təmayül siniflərin təşkili, «Kiçik akademiya"ların fəaliyyətinin yaxşılaşdırılması təhsil müəssisələrinin yeni dərs ilinə hazırlığı və digər məsələlər də müzakirə olunub.


Açar sözlər: