27.08.2018

Müdiryanı müşavirə

27.08.2018-ci il tarixində Qusar Rayon Təhsil Şöbəsində “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmrinin icrası ilə bağlı müdiryanı müşavirə keçirilib.

Çıxış edən təhsil şöbəsinin müdiri N. Fərzəliyev əmrdə qeyd olunan fəaliyyət istiqamətlərinin aktulllığı, əmrdən irəli gələn vəzifələrin reallaşdırılması istiqamətində görüləcək tədbirlər barədə danışıb. Müşavirədə əmrin icrası ilə bağlı tərtib olunmuş tədbirlər planı, “Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönümlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi sahəsində nəzərdə tutulan işlər barədə fikir mübadiləsi aparılıb, rayonun məktəblərində 2018-2019-cu dərs ilində ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Müşavirədə rayonda təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülən tədbirlər barədə də məsələ müzakirə olunub. Qeyd edilib ki, son beş ildə rayonda təhsilin keyfiyətinin yüksəldilməsi istiqamətində də məqsədyönlü iş aparılıb. Rayon məktəblərinin məzunlarının son beş ildə Respublikanın ali məktəblərinə qəbulun nəticələrinə dair DİM-in statistik məlumatları və şagirdlərin Respublika səviyyəli olimpiada və müsabiqələrin qalibləri haqqındakı nəticələri rayon təhsilinin inkişaf dinamikasını real əks etdirib. Belə ki, 2014-cü ildə ali məktəblərə qəbul üçün sənəd verən 445 nəfərdən 129 nəfəri qəbul olunmuşdusa (29%), 2017-2018-ci tədris ilinin sənəd verən 432 nəfər məzunundan 210 nəfəri (48,6%) tələbə adını qazanıb. 2014-cü ildə 600-dən yuxarı bal toplayan 5 nəfər idisə, 2018-ci ildə 9 nəfər  olub. Son beş ildə təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə məzunlarımızdan 5 nəfəri qızıl, 1 nəfəri gümüş medal qazanıb, 21 nəfərdən artıq şagird respublika səviyyəli olimpiada, müsabiqə və yarış qalibi olub.