07.09.2018

Rayon təhsil işçilərinin sentyabr konfransı

06 sentyabr 2018-ci il tarixində  Qusar rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. H. Əliyevin abidəsini ziyarət edən konfrans iştirakçıları Ulu öndərə ehtiramlarını bildiriblər.

“Dəyirmi masa” formasında keçirilən tədbir Dövlət himninin ifası ilə başlanıb və Təhsil Şöbəsinin müdiri N. Fərzəliyevin “2017-2018-ci dərs ilinin yekunları və yeni  tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib.

Sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb. Çıxış edən şəhər 1 saylı tam orta məktəbinin direktoru A. Xəlilov, Yuxarı Zeyxur kənd tam orta məktəbinin direktoru H. Ağacanov, Təhsil Şöbəsinin Metodik Mərkəzinin metodisti S. Hacıyeva və başqaları qeyd ediblər ki, təhsil şəbəkəsinin hüquqi, normativ, təlimati-metodik bazasının yeniləşməsi, kadrların işə qəbulunda yeni qaydaların tətbiqi, təhsilin idarə olunmasının məlumatlar sisteminin təkmilləşdirilməsi və digər yeniliklər təhsil sektorunun inkişafına yönəlmiş islahatların səmərəliliyinə olan inamı daha da artırıb. Konfransda “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmrində irəli sürülən fəaliyyət istiqamətlərinin aktualllığı, əmrdən irəli gələn vəzifələrin reallaşdırılması istiqamətində görüləcək tədbirlər, “Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönümlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi sahəsində nəzərdə tutulan işlər barədə də müzakirələr aparılıb.

 Konfransda rayonun 600-dən yuxarı bal toplayan məzunlarına qiymətli hədiyyələr təqdim olunub.

Konfransda Təhsil Nazirliyinin  məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri A. Əhmədov və RİHB-nin müavini E. Mustafayev çıxış edib və konfrans iştirakçılarını maraqlandıran suallara cavab verib.           


Açar sözlər: ,