09.10.2018

“Məktəbli eruditlər” intellektual yarışı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Məktəbli eruditlər" region məktəblilərinin intellekt festivalı  layihəsi çərçivəsində rayon məktəblilərinin “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə seçim turniri keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu, Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi N. Mahmudova layihə barədə məlumat verərək bildirib ki, məqsəd intellektual oyunlar vasitəsilə məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin və məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.

Qusar rayonu üzrə təhsil meneceri K.Əliyev layihə çərçivəsində Qusar rayonunu seçdiklərinə görə təşkilatçılara təşəkkürünü bildirib və bu kimi tədbirlərin şagirdlərin ictimai aktivliyinin artırılmasında, sosiallaşmasında, şəbəkələşməsində, eləcə də tədrisə maraq oyatmasında müstəsna əhəmiyyyəti olduğunu bildirib.

Gərgin mübarizə şəraitində keçən seçim turunda şəhər məktəbliləri ilə yanaşı, rayonun Balaqusar, Urva, Xürel, Zindan Muruq kənd tam orta məktəblərinin şagirdləri də iştirak edib. Ümumilikdə 8 komanda tərkibində 48 nəfər şagirdin iştirak etdiyi  turnirdə qalib adını şəhər  1 saylı tam orta məktəbinin “Varlord” biliciləri tutub. Şəhər 3 saylı tam orta məktəbinin “Tesla” komandası ikinci, Balaqusar kənd tam orta məktəbinin “Kreativ” komandası isə üçüncü mükafata sahib olub. Yarışın əsasnaməsinə uyğun olaraq hər 3 komanda Quba şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.

Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.

Noyabr ayının 15-dək davam edəcək layihə çərçivəsində Şabran və Quba rayonlarında da şagirdlərin iştirakı ilə intellektual turnirlər keçiriləcək və seçim turlarının qalibləri Quba şəhərində təşkil olunacaq final mərhələsində zona çempionunu müəyyən edəcəkdir.

 “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i, ümumilikdə 166 layihə qalib elan edilib. 


Açar sözlər: ,