01.11.2018

Yarışın qalibləri müəyyən olunub

29 oktyabr tarixində Quba rayonunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi" çərçivəsində məktəblilərin “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə final mərhələsinin oyunu keçirilib.

Rəsmi hissədə çıxış edən layihə rəhbəri N. Mahmudova layihənin regionda uğurla icrasına kömək göstərdiklərinə görə Quba, Qusar və Şabran rayon təhsil şöbələrinə təşəkkürünü bildirib. Natiq qeyd edib ki, layihənin məqsədi məktəblilərin asudə vaxtlarının intellektual oyunlar vasitəsilə səmərəli təşkilinə nail olmaq, onlarda mütaliəyə, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.

Quba, Qusar və Şabran rayonlarında keçirilən seçim turlarında ilk 3 yeri tutaraq finalda iştirak etmək hüququ əldə edən məktəblilərə uğurlar arzu edilib və bu tipli tədbirlərə şagirdlərin marağını nəzərə alaraq gələcəkdə də müxtəlif layhələrin icrasının münkünlüyü qeyd olunub.

Tədbirdə çıxış edənlər bu kimi tədbirlərin şagirdlərin ictimai aktivliyinin artırılmasında, sosiallaşmasında, şəbəkələşməsində, eləcə də tədrisə maraq oyatmasında əhəmiyyyətli olduğunu bildirərək layihə rəhbərinə, layihəni  dəstəklədiyinə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirib. Qeyd olunub ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib.

Rəsmi hissədən sonra yarışa start verilib.

Final mərhələdə iştirak edən Qusar şəhər 1, 3 saylı və Balaqusar kənd tam orta məktəblərinin şagirdləri də müxtəlif nominasiyalarda öz güclərini sınayıb.

Ümumilikdə 9 komanda tərkibində 54 nəfər şagirdin qatıldığı turnirdə qalib adını Quba şəhər 2 saylı məktəb-liseyin “İstedadlar” komandası qazanıb. Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbinin “Atom” biliciləri  ikinci, Qusar şəhər 1 saylı tam orta məktəbinin “Varlord” komandası isə üçüncü mükafata sahib çıxıb.

Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.


Açar sözlər: ,