21.02.2019

"Ana Dili Günü"nə həsr olunmuş  tədbir 

Qusar Rayon Təhsil Şöbəsində 21  Fevral «Beynəlxalq Ana Dili Günü»nə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə şəhər məktəblərinin müəllim və şagird kollektivləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin müdiri N. Fərzəliyev multikultural dəyərləri qoruyub-yaşatmasına görə bütün dünyaya nümunə olan, tolerantlıq məkanı kimi tanınan   Azərbaycan  Respublikasının müxtəlif dilli  xalqların vətəni olduğunu, burada bütün xalqların mehrıban bir  ailənin üzvləri kimi  yaşadığını  xüsusi vurğulayaraq qeyd edib ki,  Azərbaycanda yaşayan bütün xalqları bir-birinə yaxınlaşdıran, onların arasında ünsiyyət vasitəsi olan təlim dilimiz, dövlət dilimiz olan Azərbaycan dili müstəqil dövlətimizin mühüm atributlarından biridir. 

Tədbirdə xüsusi diqqətə çarpdırılıb ki, fənn olimpiadalarının rayon turunda bu il 16 nəfər şagirdimiz Azərbaycan dili fənni üzrə zona mərhələsində iştirak etmək hüququ qazanıb. Məktəblilərimiz  “Ədəbiyyat biliciləri“ müsabiqəsində, “Mən fəxr edirəm ki, azərbaycanlıyam “, “Torpaq uğrunda ölən varsa, Vətəndir!” mövzularında keçirilən inşa yazı birinciliyində də fəal iştirak ediblər. Təhsil Şöbəsinin müdiri N. Fərzəliyev “Ədəbiyyat biliciləri “ müsabiqəsində qalib gələn şagirdlərə diplomlar təqdim edib və onlara təhsillərində daha böyük nailiyyətlər arzu edib.

Sonda şagirdlərin ifasında müxtəlif şeirlər, rəqslər, səhnəciklər təqdim olunub və  tədbir konsert proqramı ilə  davam  etdirilib.

 


Açar sözlər: ,