18.12.2019

“Yol hərəkəti qaydalarını  öyrənək və əməl edək” mövzusunda  tədbir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikasında  yol hərəkətinin təhlükəsizliyinə dair 2019/2023-cü illər  üçün Dövlət Proqramı”nın həyata keçirilməsi  üzrə Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil  məktəblərində  “Yol hərəkəti qaydalarının ən yaxşı bilicisi” müsabiqəsinin keçirilməsi, aidiyyəti  qurumun  (YPX) əməkdaşlarının  iştirakı ilə  “Yol hərəkəti qaydalarını  öyrənək və əməl edək” mövzusunda  öyrədici seminarların  və təlimlərin  keçirilməsi  nəzərdə tutulub. Belə tədbirlərdən biri də  dekabr ayının 14-də B. Ağaverdiyev adına  şəhər 1 saylı tam orta məktəbində keçirilib. Tədbiri  məktəbin direktoru A. Xəlilov açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb və belə tədbirlərin şagirdlərin yol-hərəkəti qaydalarını öyrənməsində əhəmiyyət daşıdığını bildirib. Yol hərəkəti qaydalarına dair IIIb sinif  şagirdlərinin  hazırladığı səhnəcik və musiqi nömrələri, söylədikləri şeirlər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Qusar TŞ-nin metodisti N. Babayeva tədbir iştirakçılarını salamlayıb və yol hərəkəti qaydalarına əməl etməyin təhlükəsiz həyat olduğunu, bu qaydalara riayət etməyin hər bir məktəblinin borcu olduğunu qeyd edib. Tədbirdə iştirak edən Qusar YPX-nin əməkdaşı N. Müzəffərov şagirdlərə yol hərəkəti qaydalarına düzgün riayət etməyin vacibliyindən danışıb və bu il  rayonda  yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş bədbəxt hadisələr barədə məlumat verib.

Tədbirin sonunda məktəbin rəhbərliyi məktəbin ibtidai sinif müəllimlərinə, xüsusilə maraqlı proqrama görə IIIb sinif rəhbəri M. Ələskərovaya, təşkilatçı R. Cəfərovaya təşəkkürünü bildirilib, tədbirdə fərqlənən şagirdlərə  tərifnamələr təqdim edib .


Açar sözlər: ,