21.01.2020

20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

    Rayonun bütün ümumtəhsil müəssisələrində olduğu kimi professor K.  Kərimov  adına Hil kənd tam orta məktəbində də 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan xüsusi dərslər keçirilib, konfrans, seminar  və “dəyirmi masa”lar, foto və rəsm sərgisi, ədəbi-bədii kompozisiyalar təşkil edilib.

    18 Yanvar tarixində məktəbin akt zalında məktəb kollektivinin, qonşu Hil Sirt ümümi orta məktəbinin müəllim və şagird kollektivinin, kəndin dini icma nümayəndələrinin və ağsaqqaların iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və bu faciədən bəhs edən sənədli film nümayiş etdirilib. Sonra məktəbin  təşkilatçısı M. Hacıyevin  rəhbərliyi ilə şagirdlərin hazırladığı  kompozisiya  təqdim edilib, şagirdlər şeir, səhnəcik, şəhidlərə həsr olunmuş mahnılar  səsləndirib.

    Məktəbin direktoru K. Tahirov vətənpərvərliyin təbliği baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açaraq, şagirdləri vətənpərvər, öz ölkəsini sevən, onu müdafiə etməyə hər an hazır olan vətəndaşlar olmağa səsləyib və qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də qəhrəmanlıq, əzmkarlıq, şərəfli mübarizə səhifəsidir və bu mübarizədə şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar.


Açar sözlər: ,